“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Qubada Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təbrik olunublar

News Image

Qubada Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təbrik olunublar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkənin müxtəlif şəhər və rayonlarında çalışan təhsil işçilərinin əməyinə diqqət və qayğını ifadə edən görüşlər keçirir.

Bu istiqamətdə növbəti görüşlər 2 oktyabr 2026-cı il tarixində Quba rayonunda keçirilib.

Quba rayonunun bir sıra təhsil müəssisələrində keçirilən görüşlərdə ETİHİ Respublika Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruhiyyə İsrafilova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba sektoru üzrə müdiri Pərviz Nurməmmədov və ETİHİ Quba Rayon Komitəsinin sədri Vüsalə Kərimova iştirak ediblər.

Görüşlər zamanı təhsil sahəsində yüksək nəticələri ilə seçilən müəllimlərin fəaliyyəti xüsusi qeyd olunub. Respublika Fənn Olimpiadasında qızıl medal qazanan şagirdlərin müəllimləri – Susayqışlaq kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Orxan Bədirxanov və Əlimmədoba kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Firuzə Şahverdiyeva ilə görüş keçirilib.

Həmçinin 2026-cı ildə keçirilən sertifikasiya imtahanında texnologiya fənni üzrə ən yüksək nəticə göstərən Küpçalqışlaq kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Səadət İsayeva təbrik edilib.

Görüşlər çərçivəsində uzun illər təhsil sahəsində fəaliyyət göstərən, 65 illik yubileyini qeyd edən Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı üzvü Sərdar Cəfəri ilə də görüş keçirilib.

Bununla yanaşı, həmkarlar ittifaqı fəaliyyətində fəallığı ilə seçilən, nümunəvi ilk təşkilat sədrlərindən biri olan Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin ilk təşkilat sədri Pərviz Əhmədovun fəaliyyəti də diqqətə çatdırılıb.

Görüşlər zamanı AHİK və ETİHİ Respublika Komitəsinin rəhbərliyinin Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərinə ünvanladığı təbriklər çatdırılıb. Təhsil işçiləri ilə səmimi fikir mübadiləsi zamanı onların gündəlik fəaliyyəti, qarşılaşdıqları məsələlər, əmək şəraiti və təhsil sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub.

Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən görüşlər çərçivəsində təhsil işçilərinə qiymətli hədiyyələr təqdim olunub.

Görüşlərin sonunda məktəb kollektivləri ilə xatirə şəkillərinin çəkilmişdir.

Şəhid ailəsinə ehtiram və diqqət

News Image

Şəhid ailəsinə ehtiram və diqqət

27 Sentyabr – Anım Günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba Rayon Komitəsi tərəfindən, həmkar üzvləri ilə birgə Quba rayonu Elman Məmmədov adına Səbətlər kənd tam orta ümumtəhsil məktəbinin təsərrüfat müdiri, Vətən müharibəsi şəhidi Tamerlan Səfərovun atası Cavad Səfərov evində ziyarət edilib. Görüş zamanı şəhid Tamerlan Səfərovun valideynləri onun həyat və döyüş yolu barədə xatirələrini bölüşüblər. Qeyd olunub ki, Tamerlan Səfərov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Suqovuşan və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 2-də döyüşlər zamanı qəhrəmancasına şəhid olub və doğulduğu Səbətlər kəndində torpağa tapşırılıb. Görüşdə şəhidimizin Vətənə bağlılığı, döyüşlərdə göstərdiyi şücaət və keçdiyi qəhrəmanlıq yolu barədə söhbət aparılıb.

Həmkarlar ittifaqının üzvü olan Cavad Səfərov təhsil sahəsində çalışan həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğını daim hiss etdiyini bildirib, göstərilən diqqətə görə dövlətimizə, ölkə rəhbərliyinə və həmkarlar ittifaqı təşkilatlarına təşəkkürünü ifadə edib. Görüşün sonunda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, şəhid ailələrinə diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

44 günlük Vətən müharibəsinin qəhrəmanları ilə görüş

News Image

44 günlük Vətən müharibəsinin qəhrəmanları ilə görüş

27 Sentyabr – Anım Günü və 44 günlük Vətən müharibəsinin başlanması ilə əlaqədar məktəblərdə fəaliyyət göstərən bir sıra qazilərimizlə görüşlər keçirilib. Quba rayonu Nürəddin Rzayev adına Aspərəsti kənd tam orta ümumtəhsil məktəbinin direktor əvəzi İlyasov Səlim müəllimlə evində görüş keçirilib. Görüş zamanı Səlim müəllim 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, müharibənin xalqımıza yaşatdığı itkilərdən və qazandırdığı tarixi Qələbədən söz açıb.

Quba rayonu Ərməki kənd tam orta ümumtəhsil məktəbinin direktor əvəzi Yasin Umarovla da görüş keçirilib. Yasin müəllim 44 günlük Vətən müharibəsi zamanı yaşadığı hadisələrdən və keçdiyi döyüş yolundan bəhs edib. Görüş çərçivəsində məktəbin müəllim və şagirdlərinin birgə hazırladığı Vətən müharibəsinə həsr olunmuş səhnəciklər təqdim edilib.

Qazilərimiz çıxışları zamanı 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədən, xalqımızın birlik və həmrəyliyindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin əhəmiyyətindən danışıblar.

Görüşlərdə, həmçinin cənab İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Vətənimizin hər bir qarış torpağının bizim üçün əziz və dəyərli olduğu, qarşıya qoyulan əsas məqsədin torpaqlarımızın düşmən işğalından azad edilməsi olduğu qeyd edilib.

Bundan əlavə qazilərimiz həmkarlar ittifaqı təşkilatının diqqət və qayğısını hər zaman hiss etdiklərini bildirərək, göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. ETİHİ Quba Rayon Komitəsinin sədri qazilərimizə göstərdikləri şücaətə görə təşəkkürünü bildirərək, onlara möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Quba rayonunda ilk həmkarlar ittifaqı təşkilatına yeni sədr seçilib

News Image

Quba rayonunda ilk həmkarlar ittifaqı təşkilatına yeni sədr seçilib

ETİHİ Quba Rayon Komitəsinin xidmətində olan Nürəddin Rzayev adına Aspərəsti kənd tam orta ümumtəhsil məktəbində İlk Həmkarlar İttifaqı Təşkilatının növbədənkənar sədr seçkisi keçirilib.İclas zamanı kollektivə ETİHİ-nin fəaliyyəti, üzvlərin hüquqlarının müdafiəsi, sosial rifahı və onlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Səsvermənin nəticələrinə əsasən, Rəcəbov Nazim Heybətulla oğlu İlk Həmkarlar İttifaqı Təşkilatının sədri seçilib. ETİHİ Quba Rayon Komitəsi olaraq Nazim Rəcəbovu təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

Qubanın təhsil uğurlarına töhfə verən gənclərlə görüş.

News Image

Qubanın təhsil uğurlarına töhfə verən gənclərlə görüş.

01 sentyabr 2026-cı il tarixində Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsinin birgə təşkilatçılığı ilə 2025–2026-cı tədris ilini yüksək nəticələrlə başa vuran, müxtəlif istiqamətlər üzrə uğurları ilə seçilən şagird və məzunlarla görüş keçirilib.

Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba sektoru üzrə müdir Pərviz Nurməmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsinin sədri Vüsalə Kərimova, rayon üzrə təhsil sektorunun əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunan məzunlar və digər nailiyyətləri ilə fərqlənən şagirdlər iştirak ediblər. Tədbir zamanı gənclərin əldə etdikləri uğurlardan söz açılıb, onların fikir və təəssüratları dinlənilib. Qeyd olunub ki, hər bir yüksək nəticənin arxasında uzunmüddətli zəhmət, məqsədyönlü hazırlıq, düzgün istiqamətləndirmə və böyük məsuliyyət dayanır. Şimal regionunda məktəb, müəllim, valideyn və cəmiyyət arasında qarşılıqlı əməkdaşlığın düzgün qurulması təhsil nəticələrinin yüksəlməsinə mühüm töhfə verir. Bu prosesdə müəllimlərin peşəkarlığı və valideynlərin dəstəyi xüsusi əhəmiyyət daşıyır.

Çıxışlarda ölkədə təhsilin inkişafının daim diqqətdə saxlanıldığı, gənclərin bilik və bacarıqlarını reallaşdırmaları, qarşıya qoyduqları məqsədlərə çatmaları üçün geniş imkanların yaradıldığı vurğulanıb. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Görüşün diqqətçəkən məqamlarından biri də məzunların çıxışları olub. Tələbə adını qazanan gənclər sevinc və həyəcanlarını bölüşərək, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, gələcək təhsil həyatları və qarşıdakı hədəfləri barədə fikirlərini bölüşüblər. Sonda yüksək nəticə göstərən məzunlara Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

Quba təhsil ictimaiyyəti üçün qürurverici olan bu nailiyyətlərin qarşıdakı tədris ilində yeni uğurlar üçün mühüm stimul olacağı vurğulanıb.

Hər bir məzunumuzu ürəkdən təbrik edir, onlara tələbəlik həyatında və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Həmkarlar təşkilatı tərəfindən müəllimin yubileyi qeyd edildi

News Image

Həmkarlar təşkilatı tərəfindən müəllimin yubileyi qeyd edildi

Həmkarlar təşkilatı tərəfindən Quba rayonu R.Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Muradova Səbirə müəllimənin 65 illik yubileyi münasibətilə tədbir təşkil olundu. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və qonaqlar iştirak etdilər. Yubilyarın uzunillik pedaqoji fəaliyyəti və təhsil sahəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirildi. Çıxış edənlər ona gələcək fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzuladılar. Tədbir zamanı müəllimə fəxri fərman və gül buketi təqdim edildi. Yubilyar göstərilən diqqət və qayğıya görə dövlətimizə, ölkə başçısına, AHİK-na və hər kəsə təşəkkürünü bildirdi. Sonda xatirə şəkilləri çəkdirildi və yubiley tədbiri xoş əhval-ruhiyyə ilə başa çatdı.

Qubada ilk həmkarlar təşkilatı sədrləri ilə görüş keçirilib

News Image

Qubada ilk həmkarlar təşkilatı sədrləri ilə görüş keçirilib

Quba rayonu Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Quba rayon komitəsinin təşəbbüsü ilə bir qrup ilk həmkarlar təşkilatı sədri ilə görüş keçirilib. Yay mövsümünün başlanması ilə əlaqədar təşkil olunan görüşün əsas məqsədi həmkarlar ittifaqı üzvləri üçün nəzərdə tutulmuş elektron xidmətlərin təqdim olunduğu e-ahik.az platformasında qeydiyyat qaydaları barədə iştirakçıları məlumatlandırmaq olub. Görüş zamanı ilk təşkilat sədrləri platformada tətbiq edilən yeniliklərlə yaxından tanış olublar. Tədbirdə iştirakçıları maraqlandıran suallar ETİHİ Quba rayon komitəsinin sədri Vüsalə Kərimova tərəfindən ətraflı cavablandırılıb, platformadan istifadənin üstünlükləri və imkanları barədə geniş məlumat verilib.

Görüşün sonunda ilk həmkarlar təşkilatı sədrləri çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, təqdim olunan məlumatların onların fəaliyyətində faydalı olacağını bildiriblər.

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Rəngarəng uşaqlıq” adlı tədbir

News Image

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Rəngarəng uşaqlıq” adlı tədbir

Quba rayonu Timiryazev qəsəbə 14 saylı uşaq bağçasında Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Quba rayon komitəsinin birgə təşkilatçılığı və Uşaq Səfirlər Məclisinin Quba rayonu üzrə nümayəndəsi Nurdan İbahovanın təşəbbüsü ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Rəngarəng uşaqlıq” adlı tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, rayonun müxtəlif müəssisələrinin rəhbərləri, Uşaq Səfirlər Məclisinin nümayəndə və fəalları iştirak etmişlər. Tədbir zamanı fəallar və bağça uşaqları tərəfindən müxtəlif mövzularda çıxışlar edilmiş, rəngarəng rəqslər və əyləncəli oyunlar nümayiş olunmuşdur. Azyaşlılar onlara göstərilən diqqətdən məmnun qalmış, uşaqlara müxtəlif hədiyyələr təqdim edilmişdir. Eyni zamanda peşəkarlar tərəfindən nağıl personajları əsasında təqdim olunan maraqlı səhnəciklər uşaqların böyük marağına səbəb olmuşdur.


Qubada Müstəqillik Gününə Həsr Olunmuş Şahmat Yarışı Keçirildi

News Image

Qubada Müstəqillik Gününə Həsr Olunmuş Şahmat Yarışı Keçirildi

Elm və Təhsil İşçiləri Quba Rayon Komitəsinin təşkilatçılığı ilə Quba rayonu İOEUG İdman-Şahmat Məktəbində 28 May – Müstəqillik Gününə həsr olunmuş şahmat yarışı keçirildi. Müxtəlif yaş qruplarından olan iştirakçılar yarış zamanı yüksək intellekt, diqqət və strateji düşüncə bacarıqları nümayiş etdirdilər. Tədbir iştirakçılar arasında sağlam rəqabət mühitinin formalaşmasına və dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdi. Yarışın sonunda qaliblər diplom və medallarla mükafatlandırıldılar. Müstəqillik Günümüz münasibətilə bütün iştirakçıları təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar arzulayırıq!